Lənkəran Dövlət Universitetində 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmişdir
Lənkəran, 1 aprel (AZƏRTAC). Lənkəran Dövlət Universitetində 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, universitetin müəllim və tələbələri əvvəlcə Lənkəran şəhərinin mərkəzində ucaldılmış Azərbaycanlıların soyqırımı abidəsi önünə əklil və gül dəstələri düzmüş, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Universitetin humanitar və pedaqoji elmlər fakültəsinin dekanı Kamran Kazımov tədbirdə çıxış edərək erməni millətçilərinin əsassız torpaq iddialarından, Prezident İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışmış və bildirmişdir ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tezliklə təmin olunacaqdır.
Çıxış edənlər qeyd etmişlər ki, soyqırımı hadisələri Lənkərandan da yan keçməmiş, 1918-ci il mart-aprel aylarında qəzada 40-dək kənd yandırılmış, günahsız insanlar qətlə yetirilmişdir.
Martın 31-də universitetdə ilk dərslər azərbaycanlıların soyqırımına həsr olunmuş, soyqırımı ilə bağlı ali təhsil müəssisəsində sərgi təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]