Lənkəran Dövlət Universitetində regional olimpiadanın qalibləri mükafatlandırılıblar
Lənkəran, 10 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 10-da Lənkəran Dövlət Universitetində (LDU) Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını təmsil edən IX, X, XI sinif şagirdləri, Lənkəran Humanitar Kolleci, Astara Pedaqoji Kolleci, Masallı Dövlət Regional Kollecinin tələbələri arasında fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə keçirilən regional olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov bilik yarışında uğur qazanmış şagird və tələbələri təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
N.İbrahimov regional olimpiadanı universitetin, o cümlədən cənub bölgəsinin elmi həyatında mühüm hadisə kimi dəyərləndirib. O deyib: “Elm, bilik işıqdır. Biz çox fəxr edirik ki, bölgənin, ölkənin elminə işıq tutacaq gələcək elmi potensialımızın üzə çıxarılması kimi məsuliyyətli, xeyirxah bir fəaliyyəti həyata keçiririk. Bu günün qalibləri elmimizin sabahkı flaqmanlarıdır”.
Tədbirdə Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, Lənkəran Rayon Ağsaqqallar Şurası sədrinin müavini, LDU-da fəaliyyət göstərən ictimai şuranın sədri Sərhad Məmmədov, “İstək” liseyinin direktoru Saday Möhnətov, Astara Rayon Təhsil Şöbəsinin metodkabinetinin müdiri Emin Fətəliyev, valideyn, Lerik rayon sakini Dilarə Fətullayeva və başqaları çıxış edərək olimpiadanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Qaliblərə diplom, kubok və qiymətli hədiyyələri verilib.
Qeyd edək ki, regional olimpiadada cənub bölgəsini təmsil edən təhsil müəssisələrindən 250-dən artıq şagird və tələbə iştirak edib.