Lənkəran gəncləri narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər haqqında məlumatlandırılıblar
Bakı, 12 aprel, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sərhədyanı rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəni stimullaşdırmaq məqsədilə maarifləndirmə kampaniyasının aparılması” layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində maarifləndirmə tədbiri təşkil edilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edərək, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilib.