Lənkəran polisi sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına ciddi şəkildə nəzarət edir- FOTO
Lənkəran, 15 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi nəzarət edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis işçiləri xidməti avtomobillərlə xüsusi səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin rejimi ilə bağlı məlumatlar verir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər.
Rayonun müxtəlif ərazilərində qurulan müvəqqəti postlarda yol polisi əməkdaşları avtomobilləri saxlayaraq icazələrinin olub-olmamasını yoxlayırlar.
Sərtləşdirilmiş karantin rejimi qaydalarını pozan şəxslər aşkarlandıqda isə onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi sərtləşdirilib.
Lənkəranla bərabər Bakı, Gəncə və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
AZƏRTAC Lənkərandan sərtləşdirilmiş karantin rejimindən fotoları təqdim edir.