Lənkəran Regional Mədəniyyət İdarəsi distant fəaliyyət göstərir
Lənkəran, 15 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Regional Mədəniyyət İdarəsinin əməkdaşları koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə öz işlərini distant formada qurublar. İdarə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3000 min manat ianə edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejimi günlərində Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəbləri distant tədris sistemi ilə işləyirlər.
Cəfər Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi, Həqiqət Rzayeva adına Lənkəran şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi, Lənkəran Şəhər Rəssamlıq Məktəbi, Astara Şəhər Uşaq Musiqi Məktəbi, Lerik Rayon Uşaq İncəsənət Məktəbi, Lerik Rayon Çayrud kənd Uşaq Musiqi Məktəbi tərəfindən müxtəlif musiqi alətləri və fənlər üzrə distant dərslər keçirilib.
Keçirilən dərslər məktəblərin sosial şəbəkə səhifələrində yerləşdirilib.
Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi tərəfindən əlavə olaraq məktəbin müəllimi, keramika ustası Tərlan Sadıxovun iş prosesi və əl işlərindən ibarət videoçarxı da hazırlanıb internetdə yerləşdirilib.
Lənkəran Şəhər Uşaq Musiqi Məktəbi tərəfindən evlərdə onlayn konsert proqramlarının nümayişinə başlanılıb.
Mədəniyyət Mərkəzləri və onların filialları olan klub, mədəniyyət evləri, Mərkəzləşdirilmiş Kitabxana sistemləri və onların filiallarının əməkdaşları və fəal oxucuları Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat!” layihəsinə qoşularaq musiqi, bədii qiraət, görkəmli şəxsiyyətlərin anım günləri, ötən illərdə keçirdikləri tədbirlərin fotolarından ibarət videoçarxlar hazırlayaraq öz sosial şəbəkə hesablarında yerləşdiriblər.
Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq və ev-muzeyləri tərəfindən mərkəzlərin və muzeylərin fəaliyyətini əks etdirən, oradakı eksponatlar haqqında məlumat verən, mərkəz və muzeylərə virtual səyahət imkanı yaradan videoçarxlar hazırlayaraq, onları sosial şəbəkə hesablarında paylaşıblar.
İdarənin tabeliyində olan Lerik Rayon Mədəniyyət Mərkəzinin Cəngəmiran kənd mədəniyyət evinin əməkdaşları evlərində tibbi maskalar tikərək kənd əhalisinə paylayıblar.
Mədəni-maarif müəssisələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən yaşı 65-dən yuxarı olan keçmiş mədəniyyət işçilərinə baş çəkilib, onlara ərzaq və tibbi ləvazimat paylanılıb.
Regional İdarədə müşavirələr və görüşlər videokonfrans formatında keçirilir.
Videokonfransda cari məsələlər müzakirə edilərək mədəni-maarif müəssisələrinin rəhbərlərinə xüsusi karantin rejimi qaydaları ilə bağlı müvafiq tapşırıqlar verilir.