LƏNKƏRAN ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin cənub bölgəsinə səfəri başlanmışdır.
Dövlətimizin başçısı ilk olaraq Lənkəran şəhərinə gəldi. Şəhərin mərkəzi meydanına toplaşmış on minlərlə sakin Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla, hərarətli alqışlarla, gül-çiçəklə qarşıladı. Prezidenti qarşılamağa gələnlərin əllərində Azərbaycanın dövlət bayraqları, ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısının portretləri, respublikamızın rəhbərini salamlayan şüarlar yazılmış transparantlar var idi.
Prezident İlham Əliyev əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin təntənəli açılış mərasimində iştirak etdi. Dövlətimizin başçısı və xanımı şəhər icra hakimiyyəti binasının qarşısında ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoydular.
Tuncdan hazırlanmış və hündürlüyü 3,8 metr olan abidənin müəllifi Lənkəran Şəhər Rəsm Qalereyasının direktoru Məmmədsadıq Axundovdur.
Mərasimi Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, xalq artisti, Prezident mükafatçısı Böyükxanım Əliyeva açdı.