LƏNKƏRANDA AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA”
AZƏRTAC xəbər verir ki, iyunun 25-də Lənkəran şəhərindəki Heydər Əliyev İdarəçilik Universitetində Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı gənclər birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları gənclərinin nümayəndələri də iştirak etmişlər.
Lənkəran Dövlət Universitetinin tarix fakültəsinin müəllimi Kamal Mahmudov «Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu» mövzusunda məruzə etmişdir.
Çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, ölkəmizdə ordu quruculuğunda ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışmış, dövlətimizin ordu quruculuğuna ayırdığı vəsaitin Ermənistanın illik büdcəsinə bərabər olduğunu vurğulamışlar.
Tədbirdə Müdafiə Fonduna yardım edilməsi barədə qərar qəbul edilmişdir.