Lənkəranda intellektual oyunun qalibləri kubok, medal və diplomlarla mükafatlandırılıblar
Lənkəran, 28 may, Bağır Əliyev, AZƏRTAC
Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Rayon Gənclər və İdman İdarəsi, Şəhər Təhsil Şöbəsi, “Maximum Education & Consulting” və "Lənkəran Klubu"nun birgə təşkilatçılığı ilə məktəblilər arasında 28 May - Respublika Gününə həsr olunmuş rayon birinciliyi keçirilib.
Pandemiya şəraiti nəzərə alınmaqla keçirilən bilik yarışmasında rayonun 24 ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən, Boladi kənd 1 nömrəli tam orta məktəbin komandası birinci, Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin komandası ikinci, şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin komandası üçüncü yerlərə layiq görülüblər.
Rayon birinciliyində “Ən yaxşı oyunçu” adını Boladi kənd 1 nömrəli tam orta məktəbin şagirdi Afiq Məhərrəmov qazanıb.
Qalib komandaların üzvlərinə kubok, medal və diplomlar təqdim olunub.