LƏNKƏRANDA KƏND TƏSƏRRÜFATI VƏ TURİZMİN İNKİŞAFINA HƏSR OLUNMUŞ REGİONAL KONFRANS
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 9-da Lənkəran şəhərindəki “Qala” hotelində kənd təsərrüfatı və turizmin inkişafına həsr olunmuş “Lənkəran üçün perspektivlər” mövzusunda regional konfrans keçirilmişdir.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin İqtisadi İnkişaf Nazirliyi ilə birgə keçirdiyi tədbirdə cənub bölgəsində fəaliyyət göstərən sahibkarlar, icra strukturlarının nümayəndələri, maliyyə və təhsil işçiləri iştirak etmişlər.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyi regional şöbəsinin müdiri Çingiz Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İqtisadi İnkişaf Nazirliyinin məsul işçisi Niyazi Səfərov, Lənkəran Dövlət Universitetinin müəllimi Əbdüləhəd Bağırov, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Kristofer Stançina, almaniyalı mütəxəssis Mixail Gerlix və başqaları çıxış etmişlər. Natiqlər problemləri birgə müəyyən etməkdə və onların həllində yerli sahibkarlar, icra strukturları, maliyyə və təhsil işçiləri arasında əlaqələri möhkəmləndirməkdə, bölgədə iqtisadi inkişafın təmin olunmasında və yeni iş yerlərinin açılmasında konfransın əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Tədbirin birinci günü mövzu ilə bağlı müxtəlif məruzələr dinlənilmiş, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.
Həmin gün Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stançina Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla və Lənkəran Dövlət Universitetində alman dili müəllimləri ilə görüşmüş, Hirkan milli parkı ilə tanış olmuşdur.
Kofrans iştirakçıları avqustun 10-da Lənkəran Biznes Mərkəzində və şəhərdəki turizm-informasiya mərkəzində olacaq, rayon müəssisələrinin işi ilə maraqlanacaqlar.