Lənkəranda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Lənkəran, 29 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Nəsimi ili” çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Mən bu cahana sığmazam” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində mütəfəkkir şair İmadəddin Nəsiminin bədii irsini və yaradıcılığını əks etdirən “Nəsimi uşaqların gözü ilə” adlı rəsm, kitab və fotosərgi ilə tanış olublar.
Böyük şairin həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlanan tədbirdə çıxış edən mərkəzin direktoru Reyhanə Sadıxova şairin həyatından, mənəvi və humanist dəyərlərə sadiqliyindən danışıb.
Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dahi şəxslərə yüksək diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva çıxışında Prezident İlham Əliyevin dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu bildirib.
Tədbirin bədii hissəsində məktəblilərin və gənclərin ifasında İmadəddin Nəsiminin qəzəlləri səsləndirilib, muğamlar ifa olunub, “Nəsimi” kinofilmindən səhnələşdirilmiş epizodlar nümayiş etdirilib. “Sığmazam” qəzəli əsasında hazırlanmış ədəbi-bədii kompozisiya böyük maraqla qarşılanıb.