Leonid Slutski: Azərbaycanla münasibətlərin inkişafı Azərbaycanı qəlblərində yaşadan rusiyalılar üçün çox mühüm amildir
Moskva, 24 dekabr, AZƏRTAC
2019-cu ildə Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlərdə irəliləyib. Bu, Azərbaycan Respublikasının Milli Məclis ilə Rusiya Federasiyası Dövlət Duması arasında, həmçinin çoxsaylı başqa müvafiq profilli idarələr arasında əməkdaşlığa da aiddir.
Rusiya Federasiyası Dövlət Dumasının deputatı Leonid Slutski AZƏRTAC-ın müxbiri ilə söhbətində bu barədə danışıb. O deyib: “Bu il demək olar ki, hər gün Azərbaycan parlamentindən, nazirliklərdən, vətəndaş cəmiyyəti qurumlarından bu və ya digər nümayəndə heyəti Rusiyada olub. Eyni sözləri Rusiyadan Bakıya gedən nümayəndə heyətləri haqqında da demək olar. Ölkələrimiz arasında tarazlaşdırılmış və səmərəli qarşılıqlı münasibətlər həm postsovet məkanındakı dövlətlər üçün, həm də başqa ölkələr üçün örnək sayıla bilər. Tarixən bir-birinə yaxın məkanlarda yerləşən Rusiya və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri zərurətdən yaranıb, çünki dil, mədəniyyət, təhsil sahəsində xalqlarımızı bir-birinə bağlayan amillər çoxdur. Azərbaycanda rus dilində təhsilin qorunub saxlanmasına, Moskva Dövlət Universitetinin gözəl filialının yaradılmasına görə respublika rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanla münasibətlərin inkişafı Azərbaycanı qəlbində yaşadan rusiyalılar üçün çox mühüm amildir. Bu münasibətlə hamımızı təbrik etmək istəyirəm”.
RF Dövlət Dumasının deputatı daha sonra Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib. O deyib: “Hələ yetərincə gənc olan bu uğurlu lideri ad günü münasibətilə təbrik etmək, İlham Heydər oğluna və onun səmimi ailəsinə, əməksevər qardaş Azərbaycan xalqına cansağlığı, uğurlar və sevgi diləmək istəyirəm”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva