MƏDƏNİYYƏT
LEOPOLD VƏ MSTİSLAV ROSTROPOVİÇLƏRİN EV-MUZEYİNİN AÇILIŞI
Martın 4-də Bakının Rostropoviçlər küçəsində görkəmli musiqiçilər Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin açılışı olmuşdur.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu mərasimi giriş sözü ilə açaraq dedi ki, məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç ötən əsrin 20-30-cu illərində bu evdə yaşamışdır. Hazırda dünya şöhrətli musiqiçi olan Mstislav Rostropoviçin uşaqlıq illəri də bu evdə keçmişdir.
Polad Bülbüloğlu tədbirin böyük əhəmiyyətini qeyd edərək xüsusi vurğuladı ki, bu hadisə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qayğı və diqqəti sayəsində baş verir. Nazir onu da bildirdi ki, Mstislav Rostropoviç öz vətənini - doğma Azərbaycanı ziyarət etməklə, mədəniyyət xadimlərimizlə görüşməklə və ən istedadlı gənc musiqiçilərlə ustad dərsləri keçməklə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə verir.
Görkəmli musiqiçi Mstislav Rostropoviç çixiş etdi. Atasının xatirəsinə ehtirama görə və şəxsən ona göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə, bütün Azərbaycan xalqına çox böyük təşəkkürünü və dərin minnətdarlığını bildirdi.
Sonra mərasim iştirakçıları Leopold və Mstislav Rostropoviçlərin ev- muzeyinin ekspozisiyası ilə tanış oldular. Dünya şöhrətli musiqiçi dünyanın bir çox ölkələrinin dövlət başçılarından aldığı çoxsaylı fəxri fərmanları və təşəkkürnamələri, öz şəxsi arxivindən fotoşəkilləri ev-muzeyinə verdi. Mstislav Rostropoviçin dövlətimizin başçısı Heydər Əliyev ilə çəkdirdiyi fotoşəkillər ekspozisiyada xüsusi yer tutur.
Elə həmin gün Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində görkəmli musiqiçinin məşhur Azərbaycan rəssamı Tahir Salahov tərəfindən çəkilmiş portertinin təqdimatı oldu.
Açılış mərasimində maestro Rostropoviçin xanımı Qalina Vişnevskaya, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, digər rəsmi şəxslər iştirak edirdilər.