Lerikin Veri kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksi açılıb
Lerik, 28 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 28-də Lerik rayonunun Veri kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə rayonun rəhbər işçiləri, Milli Məclisin üzvü İqbal Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən kənd ziyalısı Əbülfət İsiyev Veri kənd inzibati ərazi dairəsi üzrə Birinci Qarabağ müharibəsində həlak olmuş Telman Kazımovun, Balamir Məmmədovun, Möhübbət Məhərrəmov, Valeh Rəhimovun və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Sadiq Rəhimovun şərəfli həyat və döyüş yolları barədə məlumat verib.
Qeyd olunub ki, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində Lerik rayonundan olan qəhrəman oğullar da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər.
İkinci Qarabağ müharibəsi şəhidi Sadiq Rəhimov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Müharibə veteranlarının arasında da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunanlar var. Birinci Qarabağ müharibəsi veteranı Xudaverən Rəhimov “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. İkinci Qarabağ müharibəsində döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə Şuşa fatehi, xüsusi təyinatlı, mayor Zaur Rəhimov “Zəfər”, kapitan Rəşad Qasımov “Azərbaycan bayrağı”, leytenant Anar Hüseynov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Rusif Qasımov “Füzulinin azad olunmasına görə” medalı, baş leytenant Layiq Rəhimov “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Milli Məclisin deputatı İqbal Məmmədov tədbir iştirakçılarını və Veri kənd əhalisini Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, şəhidlərin abidə kompleksinin açılışının məhz bu gün keçirilməsinin özü də vətəndaşlarımızın vətənpərvərliyini bir daha sübut edir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin “dəmir yumruğ”u ətrafında xalqımızın sıx birləşməsi sayəsində qələbəmiz təmin edildi.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon Şöbəsinin rəisi Arif Həsənov, Birinci Qarabağ müharibəsi qazisi, şəhid qardaşı Xudaverən Rəhimov, kənd ağsaqqallarından Səxavət Sultanov, Akif Ağayev, ziyalılardan Höküməli Ağayev və başqaları çıxış ediblər.
Mərasimdə məktəblilər şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər söyləyiblər.