LİONDA İŞÇİ QRUPUNUN YIĞINCAĞI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, keçən ilin mart ayında dünyanın 181 ölkəsini öz ətrafında birləşdirən beynəlxalq polis təşkilatının - İnterpolun təşəbbüsü ilə Fransanın Lion şəhərində “Müharibə cinayətləri, soyqırımı və insanlıq əleyhinə cinayətlər” üzrə birinci beynəlxalq konfrans keçirilmişdir. Konfransda müzakirəyə çıxarılmış problemin həlli ilə bağlı yaradılmış işçi qrupuna Azərbaycanın hərbi prokurorunun birinci müavini, ədliyyə polkovniki İlham Məmmədov da seçilmişdir.
Bu ilin fevral ayının 21-23-də Lionda keçirilən işçi qrupunun növbəti yığıncağında ölkəmizi İlham Məmmədov, İnterpolun ölkəmizdəki mərkəzi bürosunun baş müfəttişi Fuad Axundov və Fransadakı səfirliyimizin birinci katibi Məsim Məmmədov təmsil etmişlər.
Tədbirdə Azərbaycan nümayəndəsi çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı təşkil etmiş, etnik təmizləmə siyasəti həyata keçirmiş erməni qəsbkarlarının cinayətləri barədə ətraflı məlumat vermiş, əsir düşmüş soydaşlarımıza qarşı törədilmiş vəhşiliklərdən danışmış və bu barədə konkret faktları diqqətə çəkmişdir.
Yığıncaqda hərbi prokurorluq tərəfindən hazırlanmış xüsusi disk interpolun rəhbərliyinə və işçi qrupun üzvlərinə təqdim edilmişlər. Diskdə 200 mindən artıq azərbaycanlının Ermənistandakı ata-baba yurdundan zorla çıxarıldığı, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, 800 mindən artıq soydaşımızın köçkün halında ağır və dözülməz şəraitdə yaşadığı, kənd və şəhərlərimizin dağıdıldığı, minlərlə azərbaycanlının öldürüldüyü, əsir düşdüyü və yaralandığı, Xocalı faciəsi, Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında ingiltərəli deputat Devid Atkinsonun Dağlıq Qarabağ problemi ilə bağlı məruzəsi və bununla bağlı qətnamə, BMT-nin ölkəmizlə əlaqədar dörd qətnaməsi və s. öz əksini tapmışdır.
İşçi qrupu bu ilin iyun ayında Lion şəhərində ikinci Beynəlxalq konfransın keçirilməsini qərara almışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris