LİTVANIN ƏDLİYYƏ NAZİRİ İLƏ BAŞ PROKURORLUQDA GÖRÜŞ
Görüşdə qeyd edilmişdir ki, Azərbaycan ilə Litva arasında mövcud ənənəvi dostluq əlaqələrinin əsasında xalqlarımızı birləşdirən ümumi cəhətlər, bir-birimizin tarixinə və mədəniyyətinə hörmət hissi və ən əsası isə müstəqillik uğrunda apardığımız mübarizədə həmrəylik durur. Hələ 1993-cü ilin noyabrında ölkələrimizin prokurorluq orqanları arasında postsovet məkanında hüquqi əməkdaşlığa dair ilk sazişlərdən birinin imzalanması da məhz bu yaxın əlaqələrin nəticəsidir.
Azərbaycan ilə Litvanın hüquq mühafizə orqanları arasında
münasibətlərin möhkəmləndirilməsinə 2001-ci ildə vitse-ədliyyə naziri Gintaras Şvyadas və 2002-ci ildə ədliyyə naziri Vitautas Markyaviçusun səfərlərinin əhəmiyyəti diqqətə çatdırılmış və bu səfərlər zamanı nümayəndə heyətləri ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda keçirilən görüşlərin əhəmiyyəti qeyd olunmuşdur.
Qonaqlara Azərbaycanın prokurorluq orqanlarında aparılan islahatlar barədə ətraflı məlumat verən baş prokuror qeyd etmişdir ki, demokratik məzmunlu prokurorluğun əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında qoyulmuş, prokurorluğun dövlət təsisatları sırasında yeri, statusu, fəaliyyət prinsipləri müəyyən edilmiş, prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi baza yaradılmaqla mütərəqqi məzmunlu “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlar və digər qanunvericilik aktları qəbul olunmuşdur. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa, əvvəllər ləğv edilmiş qanunvericilik təşəbbüsü hüququnun verilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına müvafiq olaraq baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılmasının əhəmiyyəti diqqətə çatdırılmışdır.
İctimai təhlükə olan korrupsiyanın yayılmasının qarşısının alınmasında Litvada fəaliyyət göstərən xüsusi təhqiqat xidmətinin təcrübəsindən də istifadə olunduğu qeyd edilmiş, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisinin Vilnüs şəhərinə səfəri çərçivəsində həmin xidmətin, prokurorluq və təhlükəsizlik orqanlarının işi ilə tanışlıq nəticəsində əldə edilmiş məlumatların, habelə Litvanın xüsusi təhqiqat xidməti ilə imzalanması nəzərdə tutulan əməkdaşlıq proqramının əhəmiyyəti vurğulanmışdır.
Görüşdə Litva və Azərbaycanın prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri barədə məsələlər də müzakirə olunmuşdur.
Səmimi qəbula görə minnətdarlığını bildirən Litvanın ədliyyə naziri Gintautas Bujinskas Azərbaycan və Litva ədliyyə orqanları arasında yaranmış sıx əməkdaşlıq münasibətlərinin əhəmiyyətini diqqətə çatdırmış, bu əlaqələrin, o cümlədən ölkələrimizin prokurorluq orqanları arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi barədə fikirlərini açıqlamışdır.
Görüşdə hər iki tərəfi maraqlandıran qarşılıqlı faydalı məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmışdır.