Livanda dəhşətli partlayışın ildönümündə matəm elan edilib
Qahirə, 4 avqust, AZƏRTAC
Avqustun 4-də Livanda ötən il baş vermiş dəhşətli partlayışın qurbanlarının xatirəsi anılır. Həmin faciədə 214 nəfər həyatını itirmiş, minlərlə insan yaralanmışdı. Livan Prezidenti Mişel Aunun sərəncamı ilə avqustun 4-ü matəm günü elan edilib, bütün dövlət qurumları və özəl şirkətlərin fəaliyyəti dayandırılıb. Livanın dövlət bayraqları yarıyadək endirilib, səfirliklər və beynəlxalq təşkilatların nümayəndəlikləri başsağlığı mesajları yayıblar.
AZƏRTAC xəbər verir ki, partlayışdan sonra Livan daha dərin iqtisadi, sosial böhranla üzləşib, bir il ərzində hökumət qurula bilməyib. İnsidentlə bağlı aparılan təhqiqat da nəticə verməyib, bu günə qədər partlayışın sifarişçiləri və onu törədənlər aşkar olunmayıb. Hadisənin ildönümündə Beyrut küçələrində keçirilən etiraz aksiyalarında “Partlayış qurbanlarına ədalət!” şüarı səsləndirilib, həlak olanların xatirəsi anılıb. “Human Rights Watch” və yerli hüquq-mühafizə təşkilatları livanlı siyasətçiləri hadisənin səbəblərini ört-basdır etməkdə ittiham edib, BMT-nin nəzarəti altında təhqiqat aparılması tələbi ilə çıxış ediblər.
Livanın yeni Baş naziri Nəcib Mikati bəyan edib ki, partlayışın ildönümü günündə də yeni hökuməti qurmaq mümkün olmayıb. Dünya Bankı isə bu ölkədə yaşanan dərin sosial-iqtisadi böhranı son 150 ilin ən ağır vəziyyəti adlandırıb, yerli pul vahidinin dramatik şəkildə dəyərdən düşməsi və hiperinflyasiyanın qarşısını almağın yaxın vaxtlarda mümkün olmayacağını bəyan edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə