CƏMİYYƏT
Lökbatan palçıq vulkanının növbəti püskürməsi ilə əlaqədar tədqiqat aparılır FOTO
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Lökbatan palçıq vulkanının növbəti püskürməsi ilə əlaqədar Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları - aparıcı elmi işçi, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov və həmin şöbənin mühəndisi Elmar Səmədov ərazidə tədqiqat işləri aparıblar.
Bu barədə AZƏRTAC-a dosent Orxan Abbasov məlumat verib. O bildirib ki, bu, dünyanın ən aktiv palçıq vulkanı hesab olunan Lökbatan palçıq vulkanının 28-ci püskürməsidir. Orxan Abbasovun sözlərinə görə, budəfəki püskürmə zəif püskürmə kimi qiymətləndirilib, vulkan püskürməsinin dərinliyi 3 kilometr olub. İki eroktiv mərkəzdən püskürmə baş verib, Qərbdəki püskürmə daha zəifdir, alovlanma qeydə alınmayıb. Palçıq vulkanının tullantı məhsulları təxminən 10 metrə yaxın hündürlüyə qalxıb.