DÜNYA
Londonda antisemitizm və islamofob insidentlərinin sayı kəskin artıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Londonda qeydə alınan antisemitizm və islamofob insidentlərin sayı İsrail ilə HƏMAS arasında münaqişə başlayandan bəri xeyli artıb.
AZƏRTAC “Scotland Yard”a istinadla xəbər verir ki, polis əməkdaşlarının sayının artırılmasına baxmayaraq, Londonda nifrət zəminində cinayətlərin sayında ciddi artım qeydə alınıb.
Hakimiyyət orqanlarının məlumatına görə, oktyabrın 1-dən 18-dək ötən ilin eyni dövründəki 15 hadisəyə qarşı antisemitizm xarakterli 218 cinayət hadisəsi qeydə alınıb. İslamofob cinayətlərinin sayı isə 42-dən 101-ə yüksəlib.
Cinayətlərə onlayn və əmlaka zərər verən hərəkətlər də daxil olmaqla, fərdlərə və ya qruplara qarşı yönəlmiş irqi və ya dini səbəblərdən baş verən insidentlər daxildir.
Polis nifrət insidentlərinə görə 21 şəxsi həbs edib, o cümlədən itkin düşmüş israillilərin afişalarını korladığı üçün bir kişini və avtobus dayanacaqlarında islamofob xarakterli qrafiti çəkdiyi üçün başqa birini saxlayıb.
London meri Sadiq Xanın sözlərinə görə, münaqişə Londona və onun sakinlərinə birbaşa təsir göstərir, paytaxtda xoşagəlməz islamofobiya və antisemitizm hallarının artması müşahidə olunur.
Bu gün Londonda Fələstin tərəfdarlarının yürüşlərinin keçirilməsi gözlənilir və polis 1000 zabitin növbətçi olacağını bəyan edərək, istənilən nifrət xarakterli cinayətlərin qarşısını alacağına söz verib. İsrail səfirliyinin ətrafında məhdudiyyətlər tətbiq edilib.