LONDONDA AZƏRBAYCAN ÜZRƏ ÖLKƏ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə səfərlə bağlı məlumat verərək demişlər ki, toplantıda Azərbaycanda iqtisadiyyatın ardıcıl yüksəlişi, sərmayə qoyuluşu üçün münbit şərait yaradıldığı vurğulanmış, kiçik və orta biznesin inkişafı istiqamətində son illərdə həyata keçirilən tədbirlərdən geniş bəhs olunmuşdur. Bütün bunlar ölkəmizin iqtisadiyyatına xarici sərmayələrin axınına güclü təkan vermişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycana bu günə qədər dövlət təminatı ilə verilən kreditlərin məbləği 130 milyon ABŞ dollarına, kommersiya kreditlərinin məbləği isə 10 milyon ABŞ dollarına çatmışdır. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanmış, AYİB-in regional layihələrin həyata keçirilməsində daha fəal iştirakının məqsədəuyğunluğu qeyd edilmişdir.
İllik toplantı çərçivəsində Azərbaycan üzrə ölkə təqdimatı keçirilmişdir.
İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev, AYİB-in Bakı ofisinin rəhbəri Reymond Konvey, bu beynəlxalq maliyyə qurumunun enerji üzrə biznes qrupunun direktoru Piter Reyniger çıxış edərək, ölkəmizin iqtisadi tərəqqisi üzrə əldə edilmiş nailiyyətlər, həyata keçirilən irimiqyaslı regional layihələr, qeyri-neft sektorunun, regionların inkişafının sürətləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat vermişlər.
Azərbaycanda əldə edilmiş möhkəm sabitlik nəticəsində genişmiqyaslı iqtisadi islahatlar aparıldığı və bunun sayəsində ümumi daxili məhsulun dönməz artım sürətinə nail olunduğu vurğulanmışdır. Azərbaycan üzrə ölkə təqdimatı böyük maraqla qarşılanmışdır.
Səfər çərçivəsində bir sıra əhəmiyyətli ikitərəfli görüşlər də keçirilmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Fərhad Əliyev AYİB-in prezidenti Jan Lemyer ilə görüşmüşdür.
Görüşdə yoxsulluğun azaldılmasının, qeyri-neft sektorunun inkişafının, yeni iş yerlərinin açılmasının Azərbaycan Hökuməti üçün üstün istiqamətlər olduğunu qeyd edən nazir Fərhad Əliyev telekommunikasiya, infrastruktur, bank, aqrar sənaye, kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığın genişləndirilməsində ölkəmizin maraqlı olduğunu bildirmişdir. Bankın prezidenti ilə, həmçinin riskli kreditlər, dövlət təminatı olmadan layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə olunmuşdur.
AYİB-in prezidenti Jan Lemyer qaldırılan məsələlərə baxılacağını qeyd etmiş, Azərbaycanda islahatların uğurla aparıldığını, maliyyə sabitliyinin mövcud olduğunu, respublikamızın dövlət təminatı olmadan maliyyələşdirilən ölkələr siyahısına daxil edilməsinin vacibliyini bildirmişdir.
Azərbaycan ilə əməkdaşlığın gedişindən məmnun olduğunu bildirən Jan Lemyer, ölkəmizi Qafqazın özəyi adlandırmış və may ayının ortalarında Bakıya səfər edəcəyini vurğulamışdır.
Avropa Yenidənqurma və İnkişaf Bankı biznes qrupunun direktoru Olviye de Kampın, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli, OPEK fondunun baş direktoru Süleyman Al-Harbişlə keçirilən görüşlərdə əməkdaşlığın hazırkı səviyyəsindən, eləcə də Azərbaycanda həyata keçirilən islahatlardan razılıq ifadə olunmuşdur.
Görüşlərdə layihələrin idarə edilməsi işinin təkmilləşdirilməsi, İslam İnkişaf Bankı ilə əlaqələrin daha da genişləndirilməsi üçün bu bankın Azərbaycanda ofisinin açılması məsələsinin sürətləndirilməsinin vacibliyi qeyd edilmişdir.
Səfər çərçivəsində Fərhad Əliyev, həmçinin Albaniyanın iqtisadiyyat naziri, Makedoniyanın maliyyə naziri, ABN AMRO şirkətinin və STANDARD ənd POOR,S qiymətləndirmə agentliyinin rəhbərləri ilə görüşlər keçirmişdir. Görüşdə Azərbaycan ilə birgə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilmişdir.