“LUKOYL” 15 YAŞINI BAKIDA QEYD ETDİ
Mərasim iştirakçıları əvvəlcə, sarayın foyesində təşkil olunmuş sərgiyə baxdılar, şirkətin dünyanın bir çox guşələrində həyata keçirdiyi layihələrlə, texniki-iqtisadi göstəriciləri ilə tanış oldular.
Sonra “LUKoyl”un tarixinə, Rusiya və Avropanın yanacaq-energetika bazarında mövqeyinə həsr edilmiş sənədli film nümayiş etdirildi. Videokadrlar Azərbaycanda həyata keçirilən “Əsrin müqaviləsi”nin ilk iştirakçılarından biri olan bu şirkətin, eləcə də dövlətimizin yeni neft strategiyasının uğurları barədə aydın təəssürat yaratdı.
Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə “LUKoyl”un prezidenti Vahid Ələkbərova “Şöhrət” ordeninin təqdimatı mərasimindəki çıxışından kadrlar nümayiş etdirildi.
Sonra söz “LUKoyl”un prezidenti Vahid Ələkbərova verildi. O, görkəmli siyasi xadim Heydər Əliyev şəxsiyyətinə özünün və şirkətinin çoxminlik kollektivinin hər zaman yüksək hörmət və ehtiram göstərdiyini vurğulayaraq, Rusiya vətəndaşı və Azərbaycan xalqının yetirməsi olduğundan qürur duyduğunu bildirdi. Azərbaycanda 1994-cü ildən başlayaraq həyata keçirilən nəhəng neft-qaz layihələrində iştirak etməkdən məmnunluq duyduğunu söyləyən V.Ələkbərov “LUKoyl”un dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olduğunu faktlarla əsaslandırdı. Son 10 ildə Azərbaycanın iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini tutması ilə bir azərbaycanlı kimi fəxr etdiyini bildirən şirkətin rəhbəri bütün bunların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xəttin onun layiqli varisi İlham Əliyevin uğurla davam və inkişaf etdirməsinin nəticəsi olduğunu dedi. Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında dostluq münasibətlərinin hər iki xalqın və dövlətin mənafeyinə uyğun olduğunu vurğulayan V.Ələkbərov bu şərəfli işə öz töhfəsini verməkdən məmnunluğunu söylədi.
Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov dövlətimizin başçısı İlham Əliyevin “LUKoyl”un rəhbərinə ünvanladığı təbrik məktubunu oxudu və onu Vahid Ələkbərova təqdim etdi.
Mərasim Azərbaycan incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatdı.
Baş nazir Artur Rasizadə, dövlət və hökumət rəsmiləri, Mili Məclisin deputatları, tanınmış elm və incəsənət xadimləri, xarici ölkələrin respublikamızdakı diplomatik nümayəndələri mərasimdə iştirak edirdilər.