Lüksemburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 26 fevral, AZƏRTAC
Lüksemburqda Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir LuxAz – Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyası tərəfindən təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilmiş tədbirdə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin əməkdaşları, diaspor nümayəndələri, eləcə də Lüksemburqda yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbir Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
LuxAz-ın sədri Seymur Əhmədov Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında dərin iz buraxdığını vurğulayaraq tarixi ədalətin bərpasının əhəmiyyətini qeyd edib və gələcək nəsillərə sülh və insan həyatının dəyərinin aşılanmasının vacibliyini bildirib.
Sonra Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin 1-ci katibi Emin Rüstəmov qan yaddaşımızın unudulmamasının vacibliyini vurğulayıb və beynəlxalq arenada “Xocalıya ədalət!” kampaniyalarının əhəmiyyətindən bəhs edib.
Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş “13” bədii-sənədli filmi nümayiş etdirilib, fotosərgi təqdim olunub.