Macarıstana qumbara lazım deyilmi?
Budapeşt, 10 sentyabr, AZƏRTAC
Macarıstanın Müdafiə Nazirliyinin iqtisadi bölməsi döyüş qumbaralarının alınması üzrə tenderin keçirilməsini birdən-birə ləğv edib. Qurum buna səbəb kimi “tender proseduru təminatının geri çağırıldığını, prosedurun nəticəsiz bağlanıldığını” göstərib.
AZƏRTAC müdafiə tədarükü sahəsinə aid nadir hadisə barədə Avropa İttifaqının dövlət satınalmaları bülleteninə istinadla xəbər verir.
Tender çərçivəsində növbəti iki il yarımda müdafiə (M93 NF) və hücum məqsədli (M96 NF) döyüş qumbaralarının ümumilikdə 34272 ədəd, lakin hər növdən 10281 ədəd az olmayaraq alınması planlaşdırılırdı. Tenderə ən azı bir müraciət verilib.
Macarıstanın “Népszava” qəzeti Müdafiə Nazirliyinin qumbara alınması ilə bağlı niyyətini başa düşə bilmir. Çünki Macarıstan son iki il ərzində “Haltech Magyar Lőszergyártó és Rendészeti Technológiai Kft.” (İsveçrə mənşəli struktur) şirkətindən ümumilikdə 1,5 milyon avroya bərabər böyük həcmdə belə silahlardan əldə edib. Qəzet bildirir ki, redaksiya ləğv olunan razılaşmanın təfsilatı ilə tanış olmaq, o cümlədən yeni silah alışı üçün ayrılacaq pul vəsaiti barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə yazılı sorğu göndərib. Lakin indiyədək cavab gəlməyib.
Daha əvvəl xəbər verilmişdi ki, Macarıstan hökuməti 2026-cı ilədək silah-sursat və hərbi texnikanın alınmasına ağlasığmaz vəsait sərf etmək niyyətindədir. Macarıstanın Müdafiə naziri Tibor Benko deyib ki, bu büdcə çərçivəsində artıq ümumilikdə 800 milyon avro dəyərində texnika alınıb. Lakin “Népszava” qəzeti bildirir ki, nazirlik tərəfindən hərəsi 45 milyon avroya alınmış iki ədəd “Falcon 7X” biznes təyyarəsi də bu vəsaitə aid edilə bilər. Nəşrin təsdiqlədiyi kimi, nəticədə bu təyyarələrdən təkcə müdafiə qurumunun deyil, həm də hökumət üzvlərinin daşınması üçün istifadə edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt