Macarıstanın ən iri qaz anbarı özəlləşdirilir
Budapeşt, 7 sentyabr, AZƏRTAC
Macarıstanın Karbohidrogenləri Mühafizə Assosiasiyası (MSZKSZ) tezliklə təbii qazın mühafizəsi ilə məşğul olan “MMBF Földgáztároló Zrt.” strateji dövlət müəssisəsini alacaq. AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 7-də Macarıstan Antiinhisar Xidməti (GVH) məlumat verib. Satıcı səhmlərin 51 faizinin sahibi olan “Magyar Fejlesztési” dövlət bankıdır. Əqdin planlaşdırılan qiyməti 19,9 milyard forintdir (1 avro 320 forintdir).
Sol mərkəzçi yönümlü “Nepsava” qəzetinin yazdığına görə, strateji qaz ehtiyatlarına xidmət edən şirkətin idarəçiliyi nominal olaraq Macarıstanın enerji şirkətlərinin sahibi, faktiki olaraq isə dövlətin ciddi nəzarətində olan “qeyri-şəffaf” birliyə keçəcək. Nəşr yazır ki, bu yolla dövlət neft-qaz ehtiyatlarının maliyyə dəstəyinə görə məsuliyyət daşıyan yarımözəl birliyin xeyrinə hər il bir neçə milyard forint məbləğində dividentdən imtina edir.
MMBF şirkəti son bir neçə ildə hər il təqribən 10 milyard forint, yaxud daha çox təmiz gəlir əldə edib. Şirkətin hesabatından görünür ki, 2017-ci ildə əldə olunmuş 10,6 milyard forint gəlirin 6 milyard forintindən çoxu mülkiyyətçilərə ödənilib, MMBF isə dövlətə təqribən 3 milyard forint divident ödəyib. Yeri gəlmişkən, 2018-ci ildə gəlir şirkətin özündə qalıb, dividentlər ödənilməyib. MMBF-nin Aldyö yaşayış məntəqəsində yerləşən əsas obyekti 1,9 milyard kubmetr qazın saxlanılması üçün nəzərdə tutulub. Bu həcmdən 1,2 milyard kubmetr qaz ölkənin enerji təhlükəsizliyini təmin edən strateji ehtiyatdır.
Aldyö anbarı 2010-cu ildə Macarıstanın böyük neft-qaz şirkəti - MOL tərəfindən istismara verilib. Sonralar MMFB texniki şirkətin payının 72 faizini satın alıb. Əqdin məbləği açıqlanmayıb, amma hesablamalara görə, 140 milyard forintə çatıb.
Strateji qaz ehtiyatının mühafizəsi ilə yalnız dövlət şirkətlərinin məşğul ola biləcəyi barədə qanunvericilik norması 2018-ci ilin sonunda dəyişdirilib. 2019-cu ilin strateji ehtiyat həcminin müəyyən olunmuş səviyyəsi artaraq 1,2 milyard kubmetrdən 1,45 milyard kubmetrə çatıb. 2019-cu ildə Macarıstan hökuməti Rusiya və Ukrayna ilə qaz təchizatı üzrə uzunmüddətli saziş haqqında məsələnin qeyri-müəyyən olmasına istinad edərək ehtiyat qazın həcmini artırıb.
MOL-a yaxın struktur hesab edilən MSZKSZ “MMBF Földgáztároló Zrt” səhmlərinin 51 faizini almaqla, strateji qaz ehtiyatlarının mühafizəsi məsələlərini praktiki olaraq öz əlinə alacaq.
Yeri gəlmişkən, MSZKSZ-in başçısı Bela Bartfai dövlət əmlakının idarə olunmasına görə məsuliyyət daşıyan portfelsiz nazir Andrea Bartfainin əridir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt