“MADAM TÜSSO” MUM FİQURLAR MUZEYİNİN BERLİN FİLİALININ AÇILIŞINDA BÖYÜK QALMAQAL BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 5-də Berlin şəhərində “Madam Tüsso” mum fiqurları muzeyinin filialının açılışında böyük qalmaqal yaşanmışdır. Buna səbəb muzeydə “Üçüncü reyx”in rəhbəri, alman diktatoru Adolf Hitlerin mum fiqurunun nümayiş etdirilməsi və bununla bağlı baş vermiş hadisələr olmuşdur.
Mərkəzi Londonda yerləşən və Las-Veqas, Nyu-York, Amsterdam, Vaşinqton, Şanxay və Honq-Konq kimi böyük şəhərlərdə şöbələri fəaliyyət göstərən muzeyin Berlin filialının açılışından öncə ictimaiyyət və siyasətçilər arasında Almaniya tarixində qara səhifələrin müəllifi olmuş A.Hitlerin mum fiqurunun nümayiş etdirilməsinə qarşı etiraz edənlər çox idi.
Bu etiraz və narahatlığı nəzərə alan muzey rəhbərliyi xüsusi olaraq muzeyin təhlükəsizlik xidmətinin iki əməkdaşını həmin fiqurun mühafizəsinə təhkim etmiş və Hitlerin fiqurunu və onun qarşısında foto çəkdirməyi yasaqlamışdır. Eyni zamanda Almaniya Yəhudi Şurasının müraciəti əsasında fiqurun yanında İkinci dünya müharibəsi və nasional-sosialistlərin bəşəriyyət qarşısında törətdikləri cinayətləri əks etdirən stendlər yerləşdirilmişdir.
Təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, muzey açılandan bir neçə dəqiqə sonra tamaşaçılardan biri mühafizəçilərin müqavimətini qıraraq fiquru uçurtmuş və başını qopartmışdır.
Hadisədən dərhal sonra 41 yaşlı sabiq polis əməkdaşı Frank L. həbs edilmişdir. Törətdiyi əməldən peşman olmadığını bildirən Frank L. mühafizəçilərə xətər yetirdiyinə görə üzr istəmişdir. Solçu təmayüllü olduğunu qeyd edən Frank L. ekstremist olmadığını vurğulamışdır.
200 min avro dəyərində olan və yararsız hala düşən fiqur sərgi salonundan çıxarılmışdır. Muzey rəhbərliyi fiqurun bərpa edilib yerinə qaytarılacağı barədə sualı cavabsız buraxmışdır.
Hadisəyə geniş yer ayıran alman mətbuatında Frank L.-in bu addımını yumor hissi ilə yanaşanlar da olmuşdur. A.Hitlerin hakimiyyəti dövründə 40-dan artıq sui-qəsddən sağ-salamat qurtulmasına işarə edən jurnalistlərdən biri öz məqaləsində “axır ki, Hitlerə qarşı sui-qəsd baş tutdu” yazmışdır.
“Madam Tüsso” muzeyinin Berlin şöbəsində 70-dən artıq alman siyasətçisi, elm və mədəniyyət xadimlərinin fiqurları nümayiş etdirilir.
Digər bir xoşagəlməz münaqişə isə Almaniyanın keçmiş federal kansleri Helmut Kol ilə yaranmışdır. H. Kol ondan icazəsiz fiqurunun muzeydə nümayiş etdirilməsini qeyri-ciddi addım kimi qiymətləndirərək, vəkillərini məsələyə cəlb etdiyini bildirmişdir.