Malayziya MSK-nın nümayəndələrinə Milli Məclisə seçkilərlə bağlı hazırlıqlara dair məlumat verilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə keçiriləcək seçkilərin müşahidəsi məqsədilə ölkəmizə səfərə gələn Malayziya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti ilə görüşüb.
MSK sədri Məzahir Pənahov görüşdən və rəhbərlik etdiyi qurumun müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri çərçivəsində Malayziya Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığından məmnunluğunu ifadə edib və bu cür münasibətlərin təcrübə mübadiləsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, malayziyalı müşahidəçilər Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq istiqamətində görülmüş işlərlə maraqlanıblar.
Sədr Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün reallaşdırılmış genişmiqyaslı layihələr barədə qonaqları ətraflı məlumatlandırıb.
Görüşdə iki ölkənin ali seçki qurumları arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.