Malayziyanın Baş naziri parlamentin əksəriyyətinin dəstəyindən məhrum olub
Tokio, 4 avqust, AZƏRTAC
Malayziyanın Baş naziri Muhiddin Yassin Birləşmiş Malay Milli Təşkilatının (BMMT) deputatları hökumətə etimadsızlıq göstərdikdən sonra parlamentin əksəriyyətinin dəstəyindən məhrum olub.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 4-də “The Straits Times” qəzeti məlumat yayıb. Bildirilir ki, hazırda Baş naziri minimum 115 deputat əvəzinə, cəmi 104 parlament üzvü dəstəkləyir. Bu, BMMT-ni təmsil edən 38 deputatdan 11-i Muhiddin Yassinə açıq şəkildə etimadsızlıq göstərdikdən sonra baş verib. BMMT-nin lideri Əhməd Zahid bəyan edib ki, onun rəhbərlik etdiyi təşkilat Kral sarayı ilə açıq münaqişəyə başlayan Baş naziri dəstəkləməyəcək.
Qeyd edək ki, ötən həftə Malayziyanın Ali hökmdarı Abdulla Riayyatuddin Əl-Mustafa Billah hökuməti koronavirus pandemiyası fonunda onun tərəfindən yanvardan tətbiq edilən fövqəladə vəziyyət rejimini müstəqil şəkildə ləğv etdiyinə görə kəskin tənqid edib. Lakin Muhiddin Yassin monarxın hazırlanan qərar barədə məlumatlandırıldığını bildirib. Bununla yanaşı, Baş nazir qanunverici orqanın binasında koronavirusun aşkar edildiyini əsas gətirərək parlamentin iclasının təxirə salınması barədə göstəriş verib.
Xatırladaq ki, ötən ilin əvvəllərində sabiq Baş nazir Mahathir Məhəmməd istefa verdikdən sonra Malayziyada siyasi böhranı yaranıb. M.Məhəmməd həmin vaxt rəhbərlik etdiyi hakim “Ümid alyansı” Partiyasının sədrliyindən də istefa verib. O, Baş nazir vəzifəsini 2018-ci ilin mayında parlament seçkilərində qalib gəldikdən sonra tutmuşdu. M.Məhəmmədin istefasından sonra ölkədə formalaşmış ənənənin ziddinə olaraq, Malayziyanın Ali rəhbəri Muhiddin Yassini Baş nazir təyin etmişdi. Həmin vaxt bu təyinata etiraz edən. M.Məhəmməd məhz onun parlamentdə üstünlüyə malik olduğunu bildirmişdi.
Cari ilin sentyabrında isə “Ümid alyansı” Partiyasının yeni sədri Ənvər İbrahim parlamentdə onun namizədliyinin əksəriyyət tərəfindən dəstəkləndiyini əsas gətirərək, növbədənkənar seçkilərin keçirilməsini tələb etmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio