Malik Həsənov: Brüssel görüşləri Azərbaycan siyasətinin təqdimatıdır
Bakı, 16 dekabr, AZƏRTAC
İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycan dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu çatdırmaqla yanaşı, bu çağırışı da etdi ki, onların tətbiqi üçün vahid mexanizm olmalı, zamana və məkana görə tətbiq edilməməlidirlər. Zəfərimizdən ötən bir ildə dünya siyasətində baş verən yeniliklərə diqqət yetirsək, supergüclərin, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə dəstəyini aydın şəkildə görərik. Dövlətimizin başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri bu kimi məqamlara bir daha işıq saldı. Dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun Baş katibi Yens Stoltenberq ilə müzakirələr zamanı əldə edilən nəticələrdə NATO və Avropa İttifaqının Azərbaycana dəstəkləri aydın ifadə olunur. Hər iki qurum Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlarını sülh müqaviləsinin imzalanması üçün danışıqlara dəstək göstərməyə hazır olmaları ilə təsdiqləyirlər. Avropa İttifaqı Şurasının Prezidenti bəyanatında Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmadan, həmçinin 2021-ci il 11 yanvar və 26 noyabr görüşlərində imzalanan bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırışlar edib ki, bu da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, Brüssel görüşlərini Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, artan siyasi çəkisinin təqdimatı kimi də dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı, Sammit çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 5 saata yaxın davam edən görüşü postmünaqişə dövrünün reallıqlarının nəinki qəbulunu, onların icrası üçün səylər göstərildiyini ortaya qoydu. Dövlətimizin başçısı Sammitdə çıxışında bu reallığı xüsusi vurğuladı ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Göründüyü kimi, bu kimi məqamlar Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir. Artıq bu reallıq təsdiqlənir ki, keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Azərbaycan hər zaman gələcəyə baxır. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz də bunun təsdiqidir. Azərbaycan Qələbəsini təmin edən əsas şərtlərə nail olduqdan sonra “Dəmir yumruq” əməliyyatı ilə dünyaya səs saldı.
Deputat Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüssel görüşünü Soçi zəfərimizin davamı kimi dəyərləndirərək deyib: “Bu görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlər müzakirə olundu. Görüş nəticə etibarilə səmərəli keçdi. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcək. Təbii ki, bu hədəflərin reallığa çevrilməsi üçün bölgədə dayanıqlı sülh və təhlükəsizlik əsasdır. Bunun üçün Ermənistanla atəşkəs deyil, real sülh sazişi barədə danışılacaq. Prezident İlham Əliyev Sammit çərçivəsində İspaniyanın “El Pais" qəzetinə müsahibəsində bu kimi məsələlərə aydınlıq gətirdi”.
Deputat diqqətə çatdırıb ki, ümumilikdə hər bir görüş münasibətlərin tənzimlənməsinə doğru atılan addımdır. O da məlumdur ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüş də keçirildi. Bütün bu təşəbbüslər nədən xəbər verir? Təbii ki, bu uğurlarımız Azərbaycanın müstəqil siyasətinin, qətiyyətinin, dəyişməz mövqeyinin nəticəsi olaraq beynəlxalq aləmdə artan rolunun təqdimatıdır. Qalib ölkə olan Azərbaycan diktə edən tərəf kimi postmünaqişə dövrünün reallıqlarına ədalətli yanaşma tələb edir. Otuz ilə yaxın dövrdə ikili standartlara əsaslanan siyasətin nəticəsi göz önündədir. Bütün hallarda Azərbaycan öz mövqeyindən bir addım da belə geri çəkilməyərək torpaqlarının işğaldan azad edilməsinə nail oldu. İşğalçılıq siyasəti yürüdən, müstəqilliyi formal xarakter daşıyan Ermənistan isə bütün enerji layihələrindən təcrid olunaraq iqtisadi böhran içərisində çapalayır. İşğalçı dövlətin yeganə çıxış yolu sülh sazişini imzalayaraq, gələcəyə baxmaqdır. Brüssel xəbərdarlığı Ermənistan rəhbərliyini ciddi düşündürəcək və bu günədək qəbul olunan sənədlərdən irəli gələn vəzifələri yerinə yetirməsinə kömək olacaq.