Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun iclası keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun iclası keçirilib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, onlayn platforma üzərindən təşkil edilən iclasda İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planı və Dünya Bankının yeni Əlverişli Biznes Mühiti layihəsi ilə əlaqədar məlumat verilib və həmin layihənin “Maliyyə xidmətləri” indikatoru üzrə diaqnostika matrisasının tərtibinə dair müzakirələr həyata keçirilib. Müzakirələr formatında keçən görüşün sonunda diaqnostika matrisasını tərtib etmək üçün qrupun protokol əsasında yaradılması Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınıb.
İclasa Mərkəzi Bankın, Ədliyyə, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Banklar, Azərbaycan Mikromaliyyə, Azərbaycan Sığortaçılar assosiasiyalarının, Dövlət Neft Fondunun, “KPMG Audit Azərbaycan” MMC-nin, “Deloitte & Touche” MMC-nin, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin və “Access Bank” QSC-nin nümayəndələri qatılıblar.