CƏMİYYƏT
Marneulidə azərbaycanlı gənclərə İlia Dövlət Universiteti haqqında geniş məlumat verilib



Tbilisi, 9 iyun, AZƏRTAC
İyunun 9-da Marneulidə azərbaycanlı abituriyentlər ilə İlia Dövlət Universitetinin müəllimlərinin görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” (GAİM) təşkilatçılığı ilə keçirilən görüşdə İlia Dövlət Universiteti barədə gənclərə məlumat verilib.
GAİM-in icraçı direktoru Murad Muradov deyib ki, görüşün məqsədi abituriyentlərə və ümumiyyətlə ali təhsil almaq istəyən gənclərə İlia Dövlət Universitetində tələbələri üçün yaradılmış təhsil imkanları, bu ali təhsil ocağının perspektivləri, beynəlxalq əlaqələri barədə məlumat verməkdir.
Sonra universitetin Elm və incəsənət fakültəsinin məsul əməkdaşı İvlita Lobjanidze İlia Dövlət Universiteti barədə təqdimatla çıxış edib.
İ.Lobjanidze universitetdə abituriyentləri qiymətləndirmə sistemi, ayrı-ayrı fakültələr, milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4 proqramı”nın məqsədi və üstünlükləri barədə ətraflı məlumat verib. Universitetdə təhsil alan azərbaycanlı gənclərin bu proqramdan səmərəli istifadə etdiklərini, uğurlu nəticələr qazandıqlarını diqqətə çatdırıb.
Sonda abituriyentlərin sualları cavablandırılıb.
Qeyd edək ki, görüşdə 120-dən çox gənc iştirak edib.
Tbilisi