Marneulidə “Ozan Saz” televiziya müsabiqəsinin seçim mərhələsi olub
Tbilisi, 18 may, AZƏRTAC
Borçalı aşıq sənətinin qorunması, yaşadılması və gələcək nəsillərə sevdirmək məqsədilə 24News medianın təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ozan Saz” televiziya müsabiqəsinin seçim mərhələsi baş tutub.
AZƏRTAC xəbər verir ki, yarışmaya müraciət edən 19 iştirakçı mayın 18-də öz bacarığını nümayiş etdirib. Onlardan 12 nəfəri növbəti mərhələyə vəsiqə qazanıb.
Seçim mərhələsində münsiflər heyəti iştirakçıların ifa bacarıqlarını, səhnə mədəniyyəti və sənətə yanaşma tərzlərini qiymətləndiriblər.
Layihənin təşkilatçısı Azər Məmmədov bildirib ki, “Ozan Saz” müsabiqəsinin əsas məqsədi milli saz sənətinin qorunması, təbliği və bu sahədə yeni istedadların üzə çıxarılmasına dəstək verməkdir.
“Saz xalqımızın milli-mənəvi dəyərlərini yaşadan ən qədim sənət nümunələrindən biridir. Bu layihə vasitəsilə istedadlı ifaçıları üzə çıxarmağı, onların inkişafına dəstək göstərməyi və saz sənətini daha geniş auditoriyaya tanıtmağı qarşıya məqsəd qoymuşuq. Seçim mərhələsində iştirak edən hər bir namizəd öz bacarığını nümayiş etdirdi və münsiflər üçün seçim etmək heç də asan olmadı. İnanırıq ki, növbəti mərhələlər daha maraqlı və rəqabətli olacaq”, – deyə o vurğulayıb.
Münsiflər heyəti “Ozan Saz” müsabiqəsinin təşkilini yüksək qiymətləndirərək, gənc nəsil arasında unudulmaqda olan ozan sənətinin yaşadılması və təbliğində layihənin mühüm rol oynadığını bildiriblər.
Yarışmanın növbəti mərhələləri hər həftənin çərşənbə və cümə günləri 24News media vasitəsilə yayımlanacaq.
Xətayi Əzizov