Marneulidə yaşayan azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar
Tbilisi, 22 vqust, AZƏRTAC
Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze, parlamentin sədri Arçil Talakvadze azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yeni inşa olunan peşə təhsili məktəbində aparılan tikinti işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, onları Marneuli rayonunun sabiq meri, hakim partiyanın Marneuli-Qardabani üzrə deputatlığa majoritar namizədi Zaur Darğallı müşayiət edib.
Hakim partiyanın liderləri bölgədə yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynadıqlarını bildiriblər. Qeyd edilib ki, Marneulidə peşə məktəbinin olması böyük əhəmiyyət daşıyır.
Bildirilib ki, Marneulidə peşə məktəbinin tikintisi Təhsil Nazirliyinin maliyyə dəstəyi və rayonun yerli özünüidarəetmə orqanın iştirakı ilə həyata keçirilir. Müasir binada konfrans zalı, kitabxana, lift və digər otaqlar olacaq.
Peşə məktəbində fiziki məhdudiyyətli şəxslər də təhsil ala biləcəklər. Bina fiziki məhdudiyyətli şəxslərə uyğunlaşdırılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi