İQTİSADİYYAT
Martda OPEC-in neft istehsalı artıb
Bakı, 16 aprel, AZƏRTAC
Mart ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı fevral ayı ilə müqayisədə 821 min barrel artaraq gündəlik 28 milyon 610 min barrelə yüksəlib. OPEC-in dünya neft hasilatındakı payı isə 28,7 faiz olub.
Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt artırıb. Səudiyyə Ərəbistanında gündəlik istehsal 388 min barrel artaraq 10 milyon 58 min barrel olub. BƏƏ-nin sutkalıq hasilatı 386 min barrel çoxalaraq 3 milyon 451 min barrelə çatıb. Küveytdə isə neft istehsalı 170 min barrel artaraq sutkada 2 milyon 840 min barrelə yüksəlib.
Martda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Venesuela, Liviya və İranda azalıb. Venesuelanın gündəlik hasilatı 100 min barrel azalaraq 660 min barrelə düşüb. Liviyada istehsal 54 min barrel geriləyərək sutkada 93 min barrel təşkil edib. İranda isə hasilat 52 min barrel azalaraq 2 milyon 840 min barrel təşkil edib.
Ötən ay dünyadakı qazma qurğularının sayı fevralla müqayisədə 161 ədəd azalaraq 2122 olub. Həmin qurğuların 572-si OPEC-ə üzv ölkələrdədir.