MARTIN 1-DƏN İPOTEKA KREDİTLƏRİNİN VERİLMƏSİNƏ BAŞLANACAQDIR
Milli Bankın sədr müavini Alim Quliyev və Milli Bank nəzdində İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədov bildirmişlər ki, Əsasnaməsi təsdiq edildikdən sonra Fondun institusional quruculuq işlərinin aparılması istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilmiş, Fond dövlət qeydiyyatına alınmış, büdcədən vəsait ayrılmış, ipoteka kreditlərinin kotirovka dərəcəsi təyin edilmiş, Nazirlər Kabinetinin qərarı ilə ipoteka kağızının dövlət qeydiyyatı qaydaları təsdiq olunmuş, digər normativ hüquqi sənədlər hazırlanmışdır.
Qeyd edilmişdir ki, İpoteka Fondunun kotirovka dərəcəsi 6 faiz müəyyənləşdirilmişdir. Beləliklə, İpoteka Fondu müvəkkil kredit təşkilatları tərəfindən veriləcək kreditlərin illik 6 faiz dərəcəsi ilə yenidən maliyyələşəcəkdir. Müvəkkil kredit təşkilatları isə ipoteka kreditlərini 12 faizdən artıq olmamaq şərti ilə verəcəklər. Bu bankların əməkdaşları üçün müvafiq treninqlər təşkil olunacaq, hazırlıq tədbirləri aparılacaqdır. İpoteka kreditləşməsində fəal iştirak edəcək sığorta şirkətlərinin və müstəqil qiymətləndiricilərin siyahısı da yaxın günlərdə elan ediləcəkdir.
Bildirilmişdir ki, Milli Bankın idarə heyəti tərəfindən müəyyən edilmiş 15 müvəkkil kredit təşkilatı ilə Azərbaycan İpoteka Fondu arasında baş saziş və xidmət müqavilələri imzalanmışdır. İpoteka kreditlərindən faydalanmaq istəyən vətəndaşlar martın 1-dən etibarən bu banklara müraciət edə bilərlər. Həmin banklar bunlardır: Azərbaycan Beynəlxalq Bankı ASC, Azərdəmiryolbank SB, Azəriqazbank SB, Atabank SB, Bank of Baku ASC, Bank Standart Birgə SKB, Qafqaz İnkişaf Bankı Birgə KB, Koçbank Azərbaycan LQTSB, Respublika SKB, Unibank KB ASC, Kapital Bank SB, Nikoyl İKB ASC, Texnikabank KB, Turan KB, Xalqbank ASC.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.