RƏSMİ XRONİKA
MASALLI ABADLAŞIR, GÖZƏLLƏŞİR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Masallı şəhərinin girəcəyində tikilmiş alaqapı ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, yaraşıqlı alaqapıdan şəhərin mərkəzinə doğru uzanan 2,5 kilometrlik Heydər Əliyev prospekti başlayır. Təzə asfalt döşənmiş, abadlaşdırılmış prospekt boyunca yeni yaşayış binaları tikiləcəkdir. Burada 200 ədəd palma da əkilmişdir. Nəzərdə tutulan başqa layihələr də vardır. İlin sonuna qədər Heydər Əliyev adına parkın salınması, Heydər Əliyev Muzeyinin, mebel salonunun tikintisi başa çatdırılacaqdır. Masallıda qədim dövrlərdə fəaliyyət göstərmiş Qalabazarı da yenidən qurulacaqdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, rayonda ənənəvi istehsal sahələri bərpa olunur, turizm inkişaf etdirilir və bunun da sayəsində insanların sosial rifahı yaxşılaşır. Təkcə son 3 ayda 442 yeni iş yeri açılıb ki, bunun da 232-si daimidir. Bakı-Astara yolunun Masallı hissəsində 7 min ağac və kol əkilmişdir. İlin sonunadək yüzlərlə iş yeri yaradılacaq, Azərbaycan Beynəlxalq Bankının Masallı filialı üçün bina da inşa olunacaqdır.
Prezident İlham Əliyev yeni yaradılacaq obyektlərin gələcək görünüşünü əks etdirən fotoşəkillərə baxdı, müvafiq tapşırıq və tövsiyələrini verdi, qısa müddət ərzində rayonda görülən işlərdən razılığını bildirdi, nəzərdə tutulan işlərin yüksək səviyyədə, keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini söylədi.