MASALLI RAYONU POÇT-RABİTƏ İŞÇİLƏRİ AĞSAQQALLAR ŞURASININ SƏDRİ MƏMMƏDHÜSEYN HƏSƏNOVUN ÇIXIŞI
- Hörmətli və möhtərəm Prezidentimiz,
Sizi Masallı rayonunun bütün əhalisi adından, o cümlədən ağsaqqalları, gəncləri, ziyalıları adından hərarətlə salamlayıram. Sizinlə gələn hökumət nümayəndələrini, Milli Məclisin deputatlarını, kütləvi informasiya vasitələrinin təmsilçilərini və digər qonaqları salamlayıram. Respublikamızın füsunkar guşələrindən biri olan Masallıya “Xoş gəlmisiniz!” deyirəm.
Bu, son bir ildə Sizin Masallıya ikinci gəlişinizdir. Keçən ilin noyabr ayında Siz rayonumuzda oldunuz, Olimpiya İdman Kompleksinin bünövrəsinin qoyulmasında iştirak etdiniz. Dünya standartlarına cavab verən məhsul istehsal edən “EMBA WOOD” fabrikinin, “Nur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivləri ilə görüşdünüz. İstehsal olunan məhsulların nümunələrinə baxdınız, dəyərli təkliflərinizi, məsləhətlərinizi verdiniz. Rayon zəhmətkeşlərinin toplantısında çıxış etdiniz, proqram xarakterli nitq söylədiniz. Masallılılar bu diqqətinizi yüksək qiymətləndirirlər.
Son vaxtlar Siz respublikanın onadək rayonunda əhali ilə görüşmüsünüz. Özünüzün dediyiniz kimi, inkişafı statistik məlumatlardan yox, öz gözlərinizlə görmüş, qiymətləndirmiş və həmin rayonların sosial-iqtisadi inkişafını sürətləndirmək barədə Sərəncamlar imzalamısınız.
Mən ulu öndərimiz Heydər Əliyevin 1998-ci ildə Masallıya gəlişini xatırlayıram. Masallılılar həmin gəlişi heç vaxt unutmurlar. O vaxt Heydər Əliyev rayon zəhmətkeşlərinin nümayəndələri ilə görüşündə proqram xarakterli nitq söylədi, xalqın qarşısında duran vəzifələrdən danışdı. Təsadüfi deyil ki, həmin ildə keçirilən prezident seçkilərində masallılılar ulu öndərimiz Heydər Əliyevin namizədliyinə yekdilliklə səs verdilər. Mən demək istəyirəm ki, respublikamızın sürətli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1969-1982-ci illərdə respublikaya rəhbərliyi dövründə çox böyük, nəhəng işlər görülmüşdür. Respublika çox sürətlə inkişaf etmişdir, böyük infrastruktur yaranmışdır. Onlarca yeni zavod, fabrik, minlərlə yaşayış evi tikilmişdir. Bir sözlə, respublikamızın hər bir rayonunda, o cümlədən də Masallıda böyük inkişaf olmuşdur.
Masallı rayonunda bölgədə ən çox 76 milyon kubmetr su tutumu olan Viləşçay dəryaçası tikilib istifadəyə verilmişdir. Bölgədə ən böyük iripanelli evtikmə kombinatı həmin illərdə məhz Masallıda tikilmişdir. Onlarca yeni məktəb, uşaq bağçası, təhsil müəssisəsi və başqa binalar tikilib istifadəyə verilmişdir. O illərdə kənd təsərrüfatı sürətlə inkişaf etmişdir. Rayonun o vaxtkı rəhbərlərindən biri kimi, bəzi statistik göstəricilər mənim yadımdadır. Tərəvəz istehsalı 150 min tondan, yaşıl çay yarpağı istehsalı 10 min tondan, üzüm istehsalı 20 min tondan, ət istehsalı 2 min tondan, süd istehsalı 10 min tondan artıq olmuşdur. Rayonumuzda əhali firavan yaşamış, minlərlə ailə özünə müasir yaşayış evləri tikdirmiş, minik maşını almışdır.
Ulu öndərimizin hakimiyyətə ikinci qaydışından sonra respublikamızda özbaşınalığa son qoyuldu, ölkə inkişaf yoluna çıxdı. Onun vaxtilə yaratdığı infrastruktur, dərin özüllər zavodu, yarımdalma qurğuları indi neft strategiyamızın həyata keçirilməsinə çox böyük kömək göstərir. Mən Heydər Əliyevlə eyni vaxtda, keçən əsrin 50-ci illərinin ortalarında Azərbaycan Dövlət Universitetində, indiki Bakı Dövlət Universitetinin tarix fakültəsində oxumağımı, onunla görüşümü əziz xatirə kimi xatırlayıram.
Nəinki biz, bütün dünya Sizi böyük siyasətçi kimi tanıyır. Hörmətli Prezidentimiz, artıq dünya qəbul edir ki, Siz Qafqazın liderisiniz. Siz bunu öz zəhmətinizlə, öz siyasətinizlə təsdiq etmisiniz. Bunu hətta əleyhdarlarınız da etiraf edirlər. AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən Sizin çıxışlarınız, diplomatiyanız, səyləriniz, fəaliyyətiniz bütün Avropa dövlətlərinin Sizi böyük siyasətçi kimi qəbul etməsinə imkan verdi. Dövlət Neft Şirkətindəki işinizdə yüksək nəticələr əldə edilməsi, Milli Olimpiya Komitəsinə rəhbərliyiniz Sizi dünyada tanıtdı.
Bu gün respublikaya rəhbərliyiniz dövründə, xüsusilə Sizin gərgin əməyiniz, tələbkarlığınız sayəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur. Büdcəmiz sürətlə artır, ümumi daxili məhsul istehsalının artımı dünyada rekord səviyyədədir. Respublikanın şəhər və rayonlarında geniş miqyasda tikinti-abadlıq, quruculuq işləri görülür. O cümlədən Masallı rayonunda da. Bu, Sizin rəhbərliyiniz, tələbkarlığınız sayəsində mümkün olmuşdur.
Masallılılar Sizi ürəkdən salamlayırlar. Sizə cansağlığı, uzun ömür arzulayıram.
X X X
Dövlətimizin başçısı görüşdə geniş nitq söylədi.