Masallı rayonunda əmək yarmarkası keçirilib
Masallı, 27 aprel, İlkin Adıyev, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən Masallı rayonunda növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Olimpiya İdman Kompleksində təşkil olunan əmək yarmarkasında Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 25 idarə, müəssisə, təşkilat və fərdi sahibkar iştirak edib. Yarmarkaya qatılan işsiz və işaxtaran şəxslər işəgötürənlər tərəfindən təqdim edilən 260-dan çox vakansiya ilə tanış olmaq imkanı əldə ediblər. Vakansiyalara müraciət edən şəxslərin anket məlumatları (CV forması) qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Yarmarkada işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq istiqamətləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.
Bildirilib ki, bu tədbir cari ildə regionda keçirilən ikinci yarmarkadır. Birinci əmək yarmarkası 2023-cü ilin fevral ayında Cəlilabad şəhərində təşkil edilib. İlin sonuna qədər Lənkəran-Astara iqtisadi rayonunda daha iki belə tədbirin keçirilməsi planlaşdırılır.
Növbəti yarmarkaların Lənkəran və Astara rayonlarında keçirilməsi planlaşdırılır.