MASALLI TİCARƏT MƏRKƏZİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Masallıda kənd təsərrüfatı məhsulları satılan Ticarət mərkəzində də olmuşdur.
Mərkəzin direktoru Nizami Alışov dövlətimizin başçısına məlumat verərək bildirdi ki, 2004-cü ildə istifadəyə verilmiş ticarət mərkəzinin sahəsi 0,65 hektar, smeta dəyəri 2,2 milyard manatdan çoxdur. Burada 500 nəfər özünə yeni iş yeri tapmışdır. İrandan gətiriləcək texnologiya hesabına şirniyyat məhsulları da istehsal ediləcəkdir.
Vəziyyətin günbəgün yaxşılaşdığını söyləyən ticarətçilər yaradılan şəraitə görə minnətdarlıqlarını bildirərək, bu diqqət və qayğının rayon sakinləri tərəfindən rəğbətlə qarşılandığını söylədilər və Prezidentə xoş arzularını yetirdilər.
Prezident İlham Əliyev burada satılan məhsulların keyfiyyəti ilə maraqlandı, ticarətçilərə işlərində uğurlar arzuladı.