MASALLIDA 2005-Cİ İLİN YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Oqtay Əliyev hesabat məruzəsi ilə çıxış edərək 2005-ci ildə rayonun iqtisadi, ictimai-siyasi, sosial və mədəni həyatında qazanılan nailiyyətlər barədə məlumat vermiş və bildirmişdir ki, yola saldığımız ildə Masallıda ümumi daxili məhsul istehsalı əvvəlki ilə nisbətən 10,9 faiz, sənaye məhsulunun həcmi 31 faiz, əhaliyə göstərilən müxtəlif növ xidmətlər 11 faiz artmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin rayonda uğurla həyata keçirildiyini diqqətə çatdıran natiq, 2005-ci ildə Masallıda 45 yeni obyektin tikilib istifadəyə verildiyini, fəaliyyəti dayandırılmış bir sıra müəssisələrin fəaliyyətinin yenidən işə salınması istiqamətində məqsədyönlü tədbirlərin görüldüyünü və bunun nəticəsində hesabat ilində rayonda 2523 yeni iş yerinin açıldığını bildirmişdir.
Hesabat ilində əldə olunmuş uğurlardan ətraflı söhbət açan icra başçısı, yol verilmiş nöqsanları, mövcud problemləri də diqqətə çatdırmışdır.
Yığıncaqda Milli Məclisin deputatları Elmira Axundova və Əhəd Abıyev çıxış edərək ölkəmizdə həyata keçirilən islahatlarda, parlamentin fəaliyyətindən, qanunvericilik bazasının möhkəmləndirilməsi sahəsində və Masallı rayonunun problemləri ilə əlaqədar görülmüş işlərdən danışmışlar.
Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev yığıncaqda çıxış edərək, 2005-ci ildə ölkəmizin iqtisadi, ictimai-siyasi, sosial və mədəni həyatında qazanılan nailiyyətlər barədə məlumat vermiş, rayon icra hakimiyyətinin və digər qurumların qarşısında duran vəzifələrdən danışmışdır.
Hesabat yığıncağında müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.
Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.