Masallıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş onlayn tədbir keçirilib
Masallı, 8 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 8-də Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan qadınlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı rayonun qadınlarını əlamətdar gün münasibətilə təbrik edərək, onların cəmiyyətdəki rolundan danışıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirib, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşıb.
Çıxış edənlər müasir dövrdə Azərbaycan qadınının ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal rol oynadığnı vurğulayıblar.
Natiqlər Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini qeyd edərək, ölkənin birinci xanımının Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə qadınlarımızı dünyada ləyaqətlə təmsil etdiyini bildiriblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan Masallı qadınları da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.
Bayram münasibətilə xoş arzularını bildirən natiqlər Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışaraq, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Onlayn tədbirdə diqqətə çatdırılıb ki, Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlardan 40 nəfərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.