Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Masallı, 23 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 23-də Masallı şəhərindəki ASAN İntellektual İnkişaf Mərkəzində rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş bilik yarışında qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov gəncləri qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edib.
Ölkəmizdə, o cümlədən Masallı rayonunda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışan C.Manafov Azərbaycanda gənclərin hərtərəfli inkişaf etməsi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəis müavini Oktay Mütəllimov, təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək yarışın əsas məqsədinin gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdən ibarət olduğunu bildiriblər.
Gərgin mübarizə şəraitində keçən bilik yarışının sonunda Masallı şəhər 2 nömrəli tam orta məktəbin “Elm” komandası birinci, Bala Kolatan kənd tam orta məktəbinin “Big-bang” komandası ikinci, “Dəfinə” məktəb-liseyinin “Dəfinə” komandası üçüncü yerə layiq görülüb.
Qaliblərə kubok, diplom və medallar təqdim edilib.