Masallıda keçirilən reyd zamanı 20 sürücü cərimələnib
Masallı, 21 noyabr, Bağır Əliyev, AZƏRTAC
Yollarda baş verə biləcək qəza hadisələrinin qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Masallı Rayon Daxili İşlər Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı şəhərinin müxtəlif küçə və prospektlərində keçirilən reyd zamanı ictimai nəqliyyatda tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər aşkarlanıb və barələrində inzibati protokollar tərtib edilib.
Reyd zamanı, həmçinin ixrac etdiyi qazların tərkibindəki zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat vasitələri, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edənlər, müvafiq fərqlənmə nişanı və lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan sürücülər, mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar aşkarlanıb.
Ümumilikdə reyd zamanı 20-yə yaxın müxtəlif qayda pozuntularına yol verən sürücü barəsində inzibati qaydada protokol tərtib edilib.