Masallılı gənc boccia idman növü üzrə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edir
Masallı, 30 may, Bağır Əliyev, AZƏRTAC
İstedad sərhəd tanımır. Elə insanlar var ki, fiziki məhdudiyyətli olsalar da, sağlam ruha malikdirlər. Həyatın ağır sınaqlarından uğurla çıxan bu insanlar istedad və bacarıqları ilə vətənə, xalqa faydalı olmağa çalışırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonunun Kalinovka kəndində doğulmuş Bəhruz Mirzəyev də fiziki imkanları məhdud olsa da, həyat eşqi, əzmi və istedadı ilə digər insanlara örnəkdir.
Bəhruz Mirzəyev iki ildir boccia idman növü ilə məşğul olur. O, qısa müddət ərzində idmanın bu növü üzrə bir sıra nailiyyətlər əldə edib, Azərbaycan millisinin üzvü seçilib.
İdmanın bu növündə üç dəfə Azərbaycan çempionatında iştirak edən və iki dəfə çempion adını qazanan Bəhruz Minskdə keçirilən beynəlxalq yarışda ikinci pilləyə yüksəlib. Həmyerlimizin İspaniyada keçirilən beynəlxalq yarışda çıxışı da yaddaqalan olub.
Əldə etdiyi uğurlara görə ona dəstək olan insanlara minnətdarlığını ifadə edən idmançı üzünü fiziki məhdudiyyətli insanlara tutaraq deyib: “Həmişə özümə qapanırdım və çox bədgüman idim. Allaha şükür olsun ki, peşə məktəbinə gedəndən və orada İlham Məhərrəmov, Rəhilə xanım ilə tanış olduqdan sonra məndə böyük ruh yüksəkliyi yarandı. Bu idmanla məşğul olduğuma görə baş məşqçi İlham müəllimə minnətdaram. Fiziki məhdudiyyətli qardaş və bacılarıma səslənirəm ki, gəlin, bu idman növü ilə məşğul olun, ümidinizi itirməyin”.
Bəhruz Mirzəyevin ən böyük arzusu Tokioda keçiriləcək Paralimpiya Oyunlarına qatılmaq və ölkəmizin bayrağını bu mötəbər yarışda yüksəklərə qaldırmaqdır.