Matəm günü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində xatirə kitabı açılıb VİDEO
Pekin, 26 dekabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü səbəbindən ölkəmizin Çindəki səfirliyində dövlət bayrağı yarıya endirilib.
AZƏRTAC xəbər verir ki, səfirlik Çinin Xarici İşlər Nazirliyinə, BMT-nin qurumlarının ofislərinə, Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə, Ərəb Dövlətləri Liqasının Çindəki təmsilçiliyinə, Pekindəki diplomatik nümayəndəliklərə nota göndərərək, matəm ilə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabının açıldığını bildirib. Bundan başqa, səfirliyin Çində populyar olan sosial şəbəkə hesablarında hadisə ilə əlaqədar paylaşım edilib.
Xarici ölkələrin Çindəki diplomatik nümayəndəliklərinin təmsilçiləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.
AZAL-ın Bakı-Pekin-Bakı reysinin heyəti də həlak olanların, o cümlədən həmkarlarının xatirəsini yad ediblər.
Təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi Pekin vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə 12:00-da) bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insan həyatını itirib və ya xəsarət alıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin