Matteo Vittuari: Gənclər iqlim problemlərinin həllinə töhfə verə bilərlər
Bakı, 11 sentyabr, AZƏRTAC
Qarşılaşdığımız problemlər – iqlim dəyişmələrindən biomüxtəlifliyin itirilməsinə, ərzaq təhlükəsizliyindən təbii ehtiyatlardan dayanıqlı istifadəyə qədər – sizin nəsliniz üçün ciddi nəticələr doğuracaq. Lakin siz yalnız bu problemlərlə üzləşəcək nəsil kimi qəbul edilməməlisiniz. Siz həm də bu problemlərin həllinə töhfə verə biləcək nəsilsiniz.
AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin dekanı, professor Matteo Vittuari Bakıda "EkoSfera" Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "II LCOY Azərbaycan 2026 - II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı"nda onlayn videomüraciətində deyib.
“ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsində dayanıqlılıq missiyamızın əsasını təşkil edir. Bir neçə il əvvəl Bakıda keçirilmiş COP29-un yaratdığı dinamikanı davam etdirərək, təhsil, tədqiqat, innovasiya və əməkdaşlıq vasitəsilə daha dayanıqlı və iqlimədavamlı gələcəyin formalaşmasına töhfə verməyə sadiqik”, - deyə Matteo Vittuari qeyd edib.
Professor vurğulayıb ki, universitetlər yalnız biliklərin istehsal və tədris edildiyi məkanlar olmamalıdır. Onlar biliklərin bölüşüldüyü, sınaqdan keçirildiyi və real problemlərin həll olunduğu məkanlar olmalıdır.
“Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatlarla, eləcə də yerli şirkətlər, qurumlar, fermerlər və icmalarla əməkdaşlıq edirik. Bu əməkdaşlıqlar elmi bilikləri praktiki təcrübə ilə əlaqələndirməyə və real dəyişiklik yarada biləcək həllər hazırlamağa imkan verir”, - deyə o bildirib.
Matteo Vittuari qeyd edib ki, əhəmiyyətli transformasiyaya yalnız institutların səyləri ilə nail olmaq mümkün deyil. Bunun üçün gənclərin enerjisi, yaradıcılığı və tənqidi düşüncəsi tələb olunur: “Təhsil işçiləri kimi bizim məsuliyyətimiz sizə yalnız bilik vermək deyil, həm də bu bilikdən istifadə etmək, mövcud yanaşmaları sorğulamaq, müxtəlif sahələr üzrə əməkdaşlıq etmək və öz ideyalarınızı inkişaf etdirmək üçün sizə imkanlar yaratmaqdır”.
Professor gənclərin tədbir çərçivəsində hazırlayacağı təkliflərin yalnız niyyət bəyanatı olaraq qalmamalı olduğunu söyləyib.
“Onlar real təsir yaratmağa qadir layihələrə, tərəfdaşlıqlara, təcrübələrə və təşəbbüslərə çevrilə bilər. Ümid edirəm ki, bu iki gün sizə yeni biliklər, yeni əlaqələr, yeni dostluqlar və hər şeydən əvvəl ideyalarınızı həyata keçirmək üçün özünüzə inam qazandıracaq”, - deyə o əlavə edib.