MAYDA YAĞINTILARIN SƏVİYYƏSİ NORMADAN ARTIQ OLACAQ
Qeyri-sabit hava şəraiti, əsasən, mayın birinci və ikinci ongünlüyü üçün səciyyəvi olacaqdır. Belə ki, ayrı-ayrı günlərdə leysan yağışlar, tufan, qərb rayonlarında isə dolu düşəcəyi gözlənilir.
Mayın üçüncü ongünlüyündə hava nisbətən sabit keçəcək, temperatur yüksək olacaqdır. Havanın maksimal temperaturunun aran rayonlarında 30-33 dərəcə, dağ və dağətəyi rayonlarda isə 23-28 dərəcə olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 16-17 dərəcə təşkil edəcək, üçüncü ongünlükdə temperatur 28-30 dərəcəyədək artacaqdır. Əsasən şimal-qərb küləyi əsəcək, tufan gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 16-17 dərəcə olacaq ki, bu da normadan 1 dərəcə aşağıdır. Üçüncü ongünlüyün sonunda 27-30 dərəcə isti olacaqdır. Ayrı-ayrı günlərdə qısamüddətli leysan yağışlar, tufan gözlənilir, dolu düşəcəyi ehtimalı var.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 8-10 dərəcə olacaqdır. Bu bölgədə ayrı-ayrı günlərdə tez-tez leysan yağışlar, tufan, dolu, səhər saatlarında isə duman gözlənilir.
Qazax-Gəncə, Ağdam-Füzulidə orta aylıq temperatur 15-16 dərəcə və ya normadan 1-1,5 dərəcə aşağı olacaqdır. Ayrı-ayrı günlərdə bəzən leysan yağışlar yağacaq, tez-tez tufan olacağı, dolu düşəcəyi gözlənilir.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 12-14 dərəcə olacaqdır. Bu, normadan 1-1,5 dərəcə aşağıdır. Birinci öngünlükdə leysan yağışlar, ayrı-ayrı günlər tufan, dolu gözlənilir.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur 17-18 dərəcə, Masallı-Lənkəran-Astarada 16-17 dərəcə olacaqdır.