MDB İnformasiya Şurasının iclası Düşənbədə keçiriləcək
Minsk, 29 fevral, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (MDB İnformasiya Şurası) XXI iclası martın 15-16-da Düşənbə şəhərində, Tacikistan Milli Kitabxanasında keçiriləcək.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, iclas iştirakçıları informasiya agentliklərinin 2015-ci ildə fəaliyyətinə yekun vuracaq, bu il üçün əməkdaşlıq planlarını müzakirə edəcəklər. Görüşdə informasiya agentliklərinin foto xidmətlərinin qarşılıqlı fəaliyyəti, Birliyin dekabr ayında qeyd olunacaq 25 illiyinə hazırlıq məsələləri nəzərdən keçiriləcək. İnformasiya agentliklərinin rəhbərləri birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi də aparacaqlar.
İclasda MDB İnformasiya Şurasının sədri, TASS-ın baş direktoru Sergey Mixaylov, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Rusiya, Ermənistan dövlət informasiya agentliklərinin rəhbərləri, Birliyin İcraiyyə Komitəsinin nümayəndələri iştirak edəcəklər.
İclas iştirakçıları Tacikistan rəhbərliyi tərəfindən qəbul ediləcək, Düşənbənin görməli yerləri ilə tanış olacaq, ictimaiyyətin nümayəndələri və təhsil alan gənclərlə görüşəcəklər.
Xatırladaq ki, Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası MDB-nin iştirakçısı olan dövlətlərin hökumətləri arasında imzalanmış 1995-ci il 3 noyabr tarixli Sazişə əsasən yaradılıb. Saziş MDB ölkələri arasında informasiya sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirmək məqsədi daşıyır. MDB İnformasiya Şurasının üzvü olan dövlət informasiya agentlikləri qarşısında duran mühüm vəzifələrdən biri Birlik ölkələrində baş verən inteqrasiya prosesləri barədə əhalini məlumatlandırmaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk