MDB-nin mənzil-qərargahında bir sıra iclaslar keçiriləcək
Minsk, 16 noyabr, AZƏRTAC
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həftə qurumun Minsk mənzil-qərargahında bir sıra tədbirlər keçiriləcək.
Noyabrın 17-də Birliyin iştirakçısı olan ölkələrin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclası keçiriləcək.
Noyabrın 18-19-da MDB İcraiyyə Komitəsində Cinayət Məhkəmə İcraatı İştirakçılarının Müdafiəsi Haqqında 2006-cı il 28 noyabr tarixli Sazişin 28-ci maddəsinin 1 hissəsinin müdafiə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar xərclərin ödənilməsi məsələləri üzrə protokol layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası olacaq.
Noyabrın 19-da isə Birliyin mənzil-qərargahında üzv dövlətlərin Təhsil Sahəsində Əməkdaşlıq Şurasının işçi qrupunun MDB-yə üzv dövlətlərin Beynəlxalq Şəbəkə Universitetində ruhani təhsili haqqında əsasnamə layihəsinin tamamlanmasına dair iclası keçiriləcək.
Bu, MDB-yə üzv dövlətlərin birgə dövlətlərarası ali təhsil müəssisəsi olacaq və Moskva Dövlət Linqvistika Universitetinin bazasında açılacaq.
Onun əsas vəzifələrinə Birlik ölkələri üçün ənənəvi dinlərin (xristianlıq, islam, iudaizm, buddizm) konfessional-təhsil profilli “İlahiyat”, islam tarixi və mədəniyyətinin dərindən öyrənilməsi, o cümlədən distant təhsil texnologiyalarından istifadə etməklə “Kulturologiya” istiqamətləri üzrə magistr, aspirant və doktorantların hazırlanması daxildir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk