MDB-yə üzv dövlətlərdə vərəmlə bağlı vəziyyət sabit olaraq qalır
Bakı, 15 sentyabr, AZƏRTAC
Son bir neçə ildə MDB dövlətləri vərəmlə bağlı vəziyyəti sabitləşdirməyə nail olub və bir sıra ölkələrdə həm vərəmli xəstələrə tibbi yardımın təşkili məsələsində, həm də dərman preparatları ilə təminatda mühüm uğurlar əldə edilib. Bu barədə MDB-yə üzv dövlətlərin İİV/AİDS, vərəm və malyariya üzrə Koordinasiya Şurası yanında vərəm üzrə işçi qrupunun üzvləri bildiriblər.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasın gündəliyində olan əsas məsələ vərəmin yayılmasının qarşısının alınması üzrə Birlik ölkələrinin Birgə Fəaliyyət Planının 2022-2023-cü illərdə icrasının vəziyyətinin müzakirəsi olub.
İşçi qrupun üzvləri ftiziatrlar, pulmonoloqlar, laboratoriya diaqnostikası mütəxəssisləri üçün birgə təlim kurslarının təşkilinə, beynəlxalq konfrans və forumların keçirilməsinə xüsusi maraq göstəriblər.
Eyni zamanda, Birlik ölkələrinin ərazisində yerləşən əmək miqrantları arasında vərəm xəstəliyinin müalicəsi, habelə həmin insanlar haqqında məlumatların ötürülməsinin təşkili məsələlərinin əlavə olaraq öyrənilməsi və həlli yollarının axtarılması zərurəti aktual olaraq qalır.
İşçi qrupun üzvləri Planın icrasının gedişi barədə MDB-nin Səhiyyə Sahəsində Əməkdaşlıq Şurasına məlumat vermək, o cümlədən vərəmlə mübarizədə bir sıra sahələrdə qarşılıqlı fəaliyyətin inkişafı üçün təkliflər irəli sürmək qərarına gəliblər.
Xatırladaq ki, Planın əsas məqsədləri 2030-cu ilə qədər olan dövr üçün vərəmin qarşısının alınması, müalicəsi və nəzarəti üzrə Dayanıqlı İnkişaf Gündəliyinin və Qlobal Strategiya və Məqsədlərin əsas müddəalarının həyata keçirilməsi və 67-ci Ümumdünya Səhiyyə Assambleyasında qəbul edilmiş 2015-ci ildən sonrakı dövr üçün Birlik dövlətləri arasında inteqrasiya olunmuş yanaşma və əməkdaşlığın inkişafıdır.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun nümayəndələri BMT-nin vərəmlə bağlı qarşıdan gələn yüksək səviyyəli iclasına (22 sentyabr 2023-cü il, Nyu-York) hazırlığın gedişi barədə məlumatı paylaşaraq bildiriblər ki, bu ilin sentyabrında dövlət başçıları Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının ikinci yüksək səviyyəli iclasında bir araya gələrək vərəmin aradan qaldırılması üçün səylərin artırılması və ondan təsirlənmiş bütün insanların profilaktika və qayğı ilə əhatə olunması məsələlərini müzakirə edəcəklər.