MDU-da payız imtahan sessiyasında 4 mindən artıq tələbə və magistrant iştirak edəcək
Bakı, 30 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb.
Bu barədə AZƏRTAC-a MDU-dan məlumat verilib.
İmtahan sessiyası Elm və təhsil nazirinin “2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 15 dekabr 2023-cü il tarixli əmrinin tələblərinə uyğun olaraq təşkil ediləcək. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş müvafiq əmrdə hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə müvafiq addımların atılması nəzərdə tutulub.
MDU-da imtahan sessiyası 2024-cü il fevralın 1-dək ənənəvi formada təşkil olunacaq. Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında şifahi, yazılı və test şəkilində həyata keçiriləcək.
Cari imtahan sessiyasında keçiriləcək 1200-dən çox imtahanda 4 mindən artıq tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.
İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək mənfi hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə İmtahan Qərargahı, İmtahanlara Dəstək Qrupu və “Apellyasiya Komissiyası yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcək, rektorun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.