MDU IT sahəsində əməkdaşlığını genişləndirir
Bakı, 17 sentyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (ITE) direktoru Emin Axundov ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə MDU-da innovativ inkişafın dəstəklənməsi, akademik və inzibati heyətin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, IT sahəsində kadr hazırlığının məzmununun təkmilləşdirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb, MDU və ITE arasında potensial əməkdaşlığa dair ilkin razılıq əldə edilib.
Görüşdə ekspert İsa Qasımov və MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev də iştirak ediblər.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da akademik və inzibati heyətin, tələbə və magistrantların IT bacarıqlarının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.